“Volkswagen” tarixində ilk dəfə Almaniyada yerləşən avtomobil zavodunu bağlayacaq.
NUHÇIXAN xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, çərşənbə axşamı “Volkswagen” konserninin Drezdendəki zavodunda avtomobil istehsalı dayandırılacaq. Buna səbəb Çində və Avropada satışların azalması, həmçinin ABŞ tərəfindən tətbiq olunan idxal rüsumlarıdır.
“Bernstein” analitika şirkətinin eksperti Stiven Reytmanın sözlərinə görə, “Volkswagen” xərclərin azaldılması və əməliyyat mənfəətinin artırılması istiqamətində addımlar atır. Zavodun bağlanması Almaniyada şirkətin 35 min işçisinin ixtisarını nəzərdə tutan proqram çərçivəsində həyata keçirilir.
Qeyd olunur ki, 2002-ci ildən bəri zavodda təxminən 200 min avtomobil buraxılıb. Bu da konsernin Volfsburq şəhərindəki əsas müəssisəsinin illik istehsal həcminin yarısından da azdır.
