Çinin İctimai Təhlükəsizlik Nazirliyi ölkəyə qaçaq yolla gətirilən 430 kiloqram kokainin müsadirə edildiyini açıqlayıb.
NUHÇIXAN nazirliyin məlumatına istinadla xəbər verir ki, kokain Amerika Birləşmiş Ştatlarının (ABŞ) Narkotiklərlə Mübarizə İdarəsindən daxil olan məlumat əsasında aşkarlanıb. Narkotik vasitə Quandon əyalətinin Şencen şəhərinə xaricdən dəniz yolu ilə gələn yük konteynerində olub.
Hazırda məsələ ilə bağlı istintaq aparılır.
Qeyd edək ki, bu, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Çin ilə ABŞ arasında ilk əməkdaşlıq deyil. Fevralda Çinin sahil mühafizə xidməti və narkotiklərlə mübarizə qurumunun ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin məlumatı əsasında keçirdikləri birgə əməliyyat nəticəsində narkotik vasitələrin qaçaqmaçılığı ilə əlaqəli 7 şübhəli şəxs saxlanılıb, onlardan 5 tona yaxın metamfetamin aşkarlanaraq, müsadirə olunub.
