ABŞ-ın maliyyə naziri Skott Bessent Avropa İttifaqının (Aİ) 27 səfiri ilə görüşüb və Ukraynadakı münaqişənin nizamlanması perspektivlərini müzakirə edib.
NUHÇIXAN xəbər verir ki, Bessent görüşün nəticələri barədə “X” sosial şəbəkəsində yazıb. “Prezident Tramp sülhə sadiqdir və mən danışıqlar zamanı bir daha təsdiqlədim ki, Amerika onun rəhbərliyi ilə Ukraynadakı münaqişənin sona çatmasına prioritet yanaşmaqda davam edəcək”, - deyə o bildirib. Görüşdə Bessent, həmçinin ABŞ-ın Avropa İttifaqının iqtisadi artımında və rəqabət qabiliyyətinin yüksəlməsində maraqlı olduğunu vurğulayıb.
ABŞ-ın maliyyə naziri bundan əvvəl bildirmişdi ki, Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə telefon danışığı zamanı Rusiyanın “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı sanksiyalar tətbiq olunmasını müzakirə edib.
Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoyl” şirkətlərini və onların 34 törəmə müəssisəsini yeni sanksiyalar paketinə daxil edib. Vaşinqton bu məhdudiyyətlərin Ukraynadakı münaqişənin həlli ilə bağlı Moskvaya təzyiq göstərəcəyinə ümid edir.
