Venera - ağ planet - FOTOLAR

A- A A+

Venera Günəş sistemində ikinci planetdir və bizim ən yaxın qonşumuzdur. Quruluşuna görə Yerə oxşayan Venera öz oxu ətrafında başqa planetlərdən fərqli olaraq əksinə fırlanır. Onun atmosferi istini özündə saxlayır. Buna görə də o, Günəş sistemində ən isti planetdir. Orada hətta qurğuşun belə əriyir. Buludların altında istidən deformasiyaya uğramış və vulkanlardan əmələ gəlmiş dağlar mövcuddur.

Venera qədim Romada gözəllik və sevgi Allahının adı olub, bu isə onun eynisi sayılan yunan Allahı Afroditadır.

NUHÇIXAN xəbər verir ki, bu günlərdə Venera şərqdə görünür. Onu izləmək istəyənlər açıq üfüqə baxmalıdırlar. Buludlu səma görüntünü pozur.

Veneranı görmək elə də çətin deyil. Venera o qədər parlaq işıq saçır ki, səmanın yerlə qovuşan hissəsində aydın görünür. Refraksiya nəticəsində planet qırmızı-sarı rəngə də çala bilər. Mart ayında bu səma cismi Günəşin çıxmasına bir saat qalmış göydə parlayır.

Ölçüsü və məsafəsi

Radiusu 6052 km olan Venera demək olar ki, Yerin həcminə yaxındır, ancaq ondan bir qədər kiçikdir.

Günəşdən 108 milyon km məsafədə hərəkət edən Venera ondan 0.7 astronomik vahiddə (qısaca AV) yerləşir. Bir astronomik vahid Günəşdən Yerə qədər olan məsafədir. Günəşin işığı Veneraya 6 dəqiqəyə gəlib çatır.

Orbit və oxu ətrafında fırlanması

Veneranın orbiti və öz oxu ətrafında fırlanması çox nadir bir hadisədir. Planetlər arasında Venera ilə yanaşı, Uran da şərqdən qərbə, yəni digər planetlər kimi deyil, öz oxu ətrafında əksinə fırlanır. Uran oxu ətrafında 243 Yer gününə fırlanır. Bu isə onu Günəş sistemində ən uzun günü olan planet kimi tanıdır. Ancaq Günəş o biri planetlərdə olduğu kimi, Venerada hər gün çıxıb-batmır. Venerada bir gecə və gündüz birlikdə 117 Yer gününə bərabərdir. Bu, öz oxu ətrafında əksinə dövr etdiyinə görə belədir.

Veneranın Günəş ətrafında öz orbiti 225 Yer gününə bərabərdir. Veneranın orbiti əsl dairəyə bənzəyir. Digər planetlərin orbiti ondan fərqli olaraq oval, ellips şəklindədir.

Oxu üzrə əyilməsi 3 faizdir. Venera demək olar ki, şaquli formada dövr edir. Bu isə o deməkdir ki, orada ilin fəsilləri olmur.

Quruluşu

Venera quruluşuna görə Yerə çox bənzəyir. Təxminən 3200 km radiusunda dəmirdən olan nüvəsi var. Nüvədən sonra qaynar qayadan ibarət tərpənən mantiya, daha sonra yerin nazik üz qabığı gəlir. Burada da mantiyada baş verən proseslərə görə tərpənişlər olur.

Venera fəzada ağ planet kimi görünür. Onu belə göstərən buludlardır. Onlar Günəşin şəfəqlərini çox yaxşı əks etdirir. Planetin səthində Yerdə olduğu kimi boz rəngdə daş-qayalar var. Amma bulud Günəşin şüalarını filtrdən keçirdiyi üçün burada hər şey narıncı rəngə çalır.

Venerada dağlar, dərələr, minlərlə kiçik vulkanlar var. Orada ən hündür dağ (8800 km) Maksvel dağıdır. Bu dağ Yerdə olan Everest dağına bənzəyir. Maksvel dağı bütünlükdə toza bürünüb. Planetin səthində hərarət 471°C-yə qalxır.

Belə bir fikir var ki, Venera planet kimi 350-500 milyon il bundan öncə vulkanlardan əmələ gəlmişdir. Venerada iki dağlıq ərazi var. İshtar Terra qutb tərəfdə yerləşir, həcminə görə təxminən Avstraliya ölçüsündədir. İkinci dağ Afrodita Terra isə Cənubi Amerika ölçüsündə, planetin ekvatoru tərəfində 10000 km uzunluğundadır.

Veneranın səthi kraterlərlə doludur. Amma bu kraterlərdən heç biri eninə görə 2 km-dən az deyil. Kiçik meteoritlər fəzada yanıb qurtarırlar. Buna görə də yalnız böyük meteoritlər planetin səthinə gəlib çata bilir.

Veneranın səthində olan obyektlərin hamısı qadın adını daşıyır. Bu adlar həm əfsanəvi, həm də real qadın adlarıdır. Vulkanik kraterin biri Sacajavea adlanır. Bu, Lüis və Klark ekspedisiyasına bələdçilik edən hindu qadının adıdır. Dərin bir dərənin adı isə Roma Allahı Diananın adı ilə bağlıdır.

Atmosfer

Veneranın atmosferi əsasən karbon dioksidindən, buludları isə kükürd turşusundan ibarətdir. Sıx atmosfer Günəşin istiliyini özündə saxlayır. Bu da planetdə temperaturun 470 dərəcəyə çatmasına səbəb olur. Bu planetdə küləklər saatda 360 km məsafə qət edir. Buludlar arasında olan qığılcımlar sürətlə hərəkət edən havanı işıqlandırır. Planetin səthindən yuxarı qalxdıqca küləyin sürəti aşağı düşür.

Burada atmosfer o qədər ağırdır ki, insan belə yerdə özünü 1,6 km dərinliyində suda olduğu kimi hiss edərdi.

Həyat üçün yararlığı

İndiyədək insan övladı Venerada olmayıb. Veneraya göndərilən kosmik aparatlar da orada çox davam gətirə bilməyib. Yüksək temperatur aparatların elektronikasını qızdırır və sıradan çıxarır. Bu o deməkdir ki, insan orada yaşaya bilməz.

Belə bir fikir də var ki, nə vaxtsa orada həyat olub və bəlkə planetin buludlarında yaşamaq olar.

Veneranın peyki yoxdur.

Maqnitosfer

Venera ölçüsünə görə Yer həcmində olmasına baxmayaraq, onun maqnetik sahəsi çox zəifdir. Bu, onun öz oxu ətrafında ləng fırlanması ilə bağlıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: