Fələstinin HƏMAS hərəkatının rəhbərliyi hesab edir ki, Qəzza sektorunda sülhün bərqərar olması üçün ABŞ əvvəllər terrorçu adlandırdığına baxmayaraq, ölkədəki vəziyyəti sabitləşdirmək üçün dəstəklədiyi yeni Suriya hakimiyyəti ilə əməkdaşlıq təcrübəsindən istifadə etməlidir.
NUHÇIXAN xəbər verir ki, hərəkatın xarici nümayəndəliyinin rəhbəri Xalid Maşal bu barədə “Drop Site” portalına müsahibəsində deyib. “ABŞ administrasiyası nə üçün Suriyanın keçid Prezidenti Əhməd əl-Şara üçün bu imkanı yaradır, lakin HƏMAS üçün yox? Hətta terrorçuluqda ittiham etmədiyi Fələstin Prezidenti Mahmud Abbasa belə bu imkanı vermir. HƏMAS ilə konstruktiv əməkdaşlıq ABŞ və Qərbin maraqlarına uyğundur”, - deyə Xalid Maşal bildirib.
Onun sözlərinə görə, HƏMAS Qəzza sektorunda vəziyyətin sabitləşdirilməsində, o cümlədən yerli seçkilərə hazırlıq işlərində ABŞ və digər ölkələrlə əməkdaşlığa hazırdır. Xalid Maşalın fikrincə, Fələstin əhalisinin əhəmiyyətli bir hissəsini təmsil edən hərəkatın nümayəndələri bu prosesdə mütləq iştirak etməlidir.
HƏMAS-ın danışıqlar zamanı heç vaxt silahı yerə qoymağa razı olmadığını bir daha təkrarlayan hərəkat nümayəndəsi bunun yalnız Qəzza sektorunda Fələstin ordusu və təhlükəsizlik qüvvələrinin yaradılması kontekstində mümkün olduğunu vurğulayıb.
