Yaponiya "Michibiki 5" naviqasiya peykini orbitə aparmalı olan H3 daşıyıcı raketinin buraxılışını son anda təxirə salıb.
NUHÇIXAN Yaponiya mediasına istinadla xəbər verir ki, raketin buraxılışı yerli vaxtla saat 11:11-ə planlaşdırılsa da, sistemlərin nasazlığı səbəbindən buraxılış təcili ləğv edilib. Yaponiyanın Kosmos Agentliyi və digər müvafiq qurumları vəziyyəti araşdırır.
“Michibiki” smartfonlar, avtomobil naviqasiya sistemləri və digər xidmətlər üçün GPS dəqiqliyini artırmaqdan ötrü hazırlanmış peykdir. Sistem hazırda Yaponiya üzərində orbitdə fırlanan və təkcə naviqasiyaya deyil, həm də rabitə siqnallarının olmadığı ərazilərdə zəlzələlərin təcili xəbərdarlığına kömək edən 5 peykdən ibarətdir.
Yaponiya hökuməti yer məlumatlarını təmin edə bilən 7 peykdən ibarət bir sistem yaratmaq niyyətindədir.
Qeyd edək ki, bu "Michibiki 5" peykini orbitə aparmalı olan H3 daşıyıcı raketinin buraxılışının 2-ci dəfə təxirə salınmasıdır. İlk buraxılış dekabrın 7-nə planlaşdırılsa da, raketin gövdəsinə quraşdırılmış ətalət ölçmə alətində nasazlıq aşkar edildikdən sonra təxirə salınıb.
