Böyük Britaniya Avropa İttifaqından ayrıldıqdan sonra dayandırdığı Erasmus tələbə mübadilə proqramına 2027-ci ildə yenidən qoşulacaq.
NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, bu addım Baş nazir Kir Starmerin “Brexit”dən sonra Aİ ilə münasibətlərin yenidən qurulması strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Aİ ilə münasibətlər üzrə nazir Nik Tomas-Simonds bildirib ki, bu qərar gənclər üçün böyük qələbədir. Hökumətin hesablamalarına görə, proqramın ilk ilində Böyük Britaniyada 100 minədək insan Erasmus imkanlarından faydalana bilər.
Erasmus proqramı çərçivəsində Avropa İttifaqı fərdlərə digər Avropa ölkələrində bir ilə qədər təhsil almaq, peşə hazırlığı keçmək və ya könüllü fəaliyyətlə məşğul olmaq üçün maliyyə dəstəyi göstərir. Razılaşmaya əsasən, Böyük Britaniya proqramda iştirak üçün üzvlük haqlarında 30 faiz güzəşt əldə edib. Üzvlük haqqı ölkənin ümumi daxili məhsulu (ÜDM) əsasında hesablanır. Məlumata görə, Böyük Britaniyanın 2027-ci il üçün Erasmus proqramına töhfəsi təxminən 570 milyon funt sterlinq təşkil edəcək.
