Avstraliyanın Sidney şəhərindəki “Bondi” çimərliyində bazar günü baş verən kütləvi atışma ilə bağlı sağ qalan şübhəli şəxs Navid Akram barəsində 59 maddə üzrə ittiham irəli sürülüb.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, ittihamlar arasında 15 nəfərin qətlə yetirilməsi və terror aktı törətmə maddəsi də yer alır. Hadisə zamanı Navid Akramın atası 50 yaşlı Sacid Akram polislə atışma zamanı öldürülüb. Hücum nəticəsində ümumilikdə 15 nəfər həlak olub, onlarla insan isə yaralanıb. Hadisə Avstraliyanın yəhudi icmasını hədəf alıb və Hanuka bayramının ilk gecəsinin qeyd olunduğu tədbir zamanı baş verib. Bu, ölkədə 1996-cı ildən bəri qeydə alınan ən ölümcül silahlı hücum hesab olunur.
N.Akram, həmçinin 40 nəfərə qarşı qəsdən adam öldürmə niyyəti ilə ağır bədən xəsarətləri yetirmə, eləcə də qadağan olunmuş terror təşkilatının simvolunun ictimai nümayişi ilə bağlı ittiham olunur.
Polisin məlumatına görə, N.Akram hadisə zamanı ağır yaralanıb və onun ilk məhkəmə iclası xəstəxanadakı palatasından keçirilib. Məhkəmə işi 2026-cı ilin aprel ayına qədər təxirə salınıb.
Hazırda hücum zamanı yaralanan 20 nəfər Sidney xəstəxanalarında müalicə olunur, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
