Avstraliya hökuməti Sidneydəki terror hücumundan sonra "əhalidən silahların satın alınması” proqramına başladığını elan edib.
NUHÇIXAN xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albaneze deyib. “Biz bu proqram çərçivəsində yüz minlərlə odlu silahın toplanaraq məhv edilməsini gözləyirik”, - deyə Baş nazir qeyd edib. O, əhalinin əlində dörd milyondan çox odlu silah olduğunu bildirib.
Albanezenin sözlərinə görə, Bondidəki dəhşətli hadisələr küçələrdən daha çox silahı yığmağın vacibliyini göstərdi: “Biz bilirik ki, terrorçulardan birinin odlu silah lisenziyası olub və Sidney ətrafının mərkəzində yaşamasına baxmayaraq, altı silah əldə edib”.
Baş nazir, həmçinin dekabrın 21-də Avstraliyanın bütün hökumət binalarında bayraqların yarıya qədər endiriləcəyini, gələn il isə milli matəm günü elan ediləcəyini açıqlayıb.
Xatırladaq ki, dekabrın 14-də yəhudilərin “Hanuka” bayramı zamanı Sidneydəki Bondi çimərliyində atışma baş verib. Polis hücumu yəhudi icmasını hədəf alan terror aktı adlandırıb.
