Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqında (Aİ) dondurulmuş Rusiya aktivləri ilə bağlı suala cavab olaraq, bunun oğurluq deyil, açıq soyğunçuluq olduğunu bildirib.
NUHÇIXAN xəbər verir ki, o, bu barədə “Vladimir Putinlə ilin yekunları” proqramında bildirib.
Onun sözlərinə görə, bu cür “soyğunçuluğu” praktikada reallaşdırmaq təşəbbüskarların özü üçün ciddi nəticələrə səbəb ola bilər.
Rusiya Prezidenti xarici vəsaitlərin ələ keçirilməsi cəhdlərinin ölkənin imicinə xələl gətirməklə yanaşı, avrozonada etimadı da sarsıtdığını qeyd edib: “Qızıl və valyuta ehtiyatlarını Avropa yurisdiksiyası altında saxlayan bir çox ölkə artıq baş verənləri diqqətlə izləyir. Avrozonada ehtiyatlarını saxlayan təkcə Rusiya deyil, digər ölkələr, əsasən neft hasil edən ölkələr də var. Onlar baş verənlərə baxır və onlarda şübhə və narahatlıqlar yaranmağa başlayıb”.
O, həmçinin əlavə edib ki, Rusiya öz maraqlarını məhkəmə qaydasında müdafiə edəcək. “Biz maraqlarımızı, ilk növbədə, məhkəmələrdə müdafiə edəcəyik və siyasi qərarlardan asılı olmayan yurisdiksiya tapmağa çalışacağıq”, - deyə Rusiya dövlət başçısı bildirib.
