Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampın Çinə mümkün səfərindən əvvəl Yaponiya–Çin münasibətlərinin kəskin şəkildə pisləşməsi fonunda ikitərəfli ittifaqın gücünü vurğulamaq məqsədilə ABŞ-a səfər etməyi planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Sankei” qəzeti məlumat yayıb.
Nəzərdən keçirilən variantlardan biri Yaponiya parlamentinin 2026-cı maliyyə ili üçün büdcə qanun layihəsini qəbul etməsindən sonra – gələn ilin əvvəlində və ya mart ayında səfərin həyata keçirilməsidir. Takaiçi Donald Trampla Tokio və Pekin arasında artan gərginliklə bağlı fikir mübadiləsi aparmağı, eləcə də Yaponiyanın milli təhlükəsizlik strategiyasının yenilənməsi planlarını müzakirə etməyi nəzərdə tutur.
Baş nazir Sanae Takaiçi parlament müzakirələri zamanı Tayvan yaxınlığında mümkün hərbi böhranın Yaponiyanı “kollektiv özünümüdafiə hüququndan” istifadə etməyə məcbur edə biləcək “mövcudluq təhlükəsi” yarada biləcəyini bildirdikdən sonra Pekin və Tokio arasında münasibətlər kəskin şəkildə pisləşib. Bu bəyanat Çinin kəskin reaksiyasına səbəb olub və Pekin Tokioya sərt etiraz notası təqdim edib.
Qəzetin qeyd etdiyi kimi, Tramp bu məsələdə açıq mövqe nümayiş etdirməyib. Takaiçinin ABŞ-a səfəri baş tutacağı təqdirdə, yapon müşahidəçilər ABŞ Prezidentinin Çin məsələsində Yaponiya ilə həmrəylik göstərib-göstərməyəcəyini diqqətlə izləyəcəklər.
