Nigeriyada noyabrın sonunda silahlılar tərəfindən oğurlanmış 303 şagirddən daha 130-u azad edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “DW” telekanalı Nigeriya Prezidentinin sözçüsü Sandey Deraya istinadla məlumat yayıb. Onun sözlərinə görə, bununla da, Müqəddəs Məryəm katolik internat məktəbinin girov götürülmüş şagirdlərin hamısı silahlı qruplaşmanın əlindən alınıb.
Prezidentin nümayəndəsi məktəblilərin silahlılardan necə azad edilməsinin təfərrüatlarını açıqlamayıb.
Noyabrın 22-də Nigeriyadakı Xristianlar Assosiasiyası Niger əyalətində yerləşən Müqəddəs Məryəm internat məktəbindən 303 şagird və 12 müəllimin qaçırıldığını bildirmişdi.
Silahlı dəstələr uzun müddətdir ki, Nigeriyanın şimal-qərb və mərkəzi hissələrinin kənd yerlərində pul müqabilində insanları girov götürür. Bu cür hücumlarda minlərlə insan həlak olub. Quldurlar bir neçə ştatı əhatə edən geniş meşəlik ərazidə gizlənirlər.
