Tailand və Kamboca dekabrın 24-də sərhəd münaqişəsi zonasında atəşkəs rejiminin qurulması məsələsi üzrə danışıqlara başlayacaqlar.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tailandın xarici işlər naziri Sihasak Phuangketkeu məlumat verib.
Qərar bu gün Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya ölkələrinin xarici işlər nazirlərinin görüşündə qəbul edilib.
Nazirin sözlərinə görə, Tailand Kamboca ilə atəşkəs rejiminin qurulması məsələsi üzrə danışıqlar aparmağa hazırdır:
"Biz atəşkəs rejiminin qurulması məsələsi üzrə dialoqun bərpa olmasının tərəfdarıyıq. Danışıqlar artıq mövcud olan birgə sərhəd komitəsi çərçivəsində baş tutacaq. Bu görüş Kamboca tərəfinin təklifi əsasında dekabrın 24-nə təyin olunub".
Sihasak Phuangketkeu qeyd edib ki, hər iki ölkənin hərbi nümayəndələrinin görüşü Tailandın Çantxaburi əyalətində keçirilməlidir.
Tailand XİN rəhbəri atəşkəs rejiminin şərtləri ilə bağlı razılaşmalar üçün hər iki tərəfin lazımı qədər vaxta ehtiyacı ola biləcəyini də vurğulayıb:
"Sadəcə atəşkəs elan edib, sonra onun riayət olunmasını gözləyə bilməzsiniz. Biz qəti öhdəliklər və ətraflı atəşkəs planı istəyirik. Beləliklə, dekabrın 24-ü Tailand və Kamboca hərbçiləri görüşəcəklər. Hər şey yaxşı getsə, bəlkə də razılaşma dekabrın 24-ü və ya növbəti gün həyata keçəcək. Bu mövzuda spekulyasiya etmək istəməzdim".
