Çin ABŞ-ı narkotik ticarəti ilə mübarizə bəhanəsi ilə Venesuelaya qarşı başladığı kampaniyanı dərhal dayandırmağa çağırıb.
NUHÇIXAN xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Sun Ley BMT-nin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı ABŞ-ın hərəkətlərinin və ritorikasının regionda gərginliyin davam etməsinə gətirib çıxardığını, bunun da region ölkələri və beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurduğunu deyib.
"ABŞ-ın hərəkətləri digər ölkələrin suverenliyini, təhlükəsizliyini və qanuni hüquq və mənafelərini ciddi şəkildə pozur, BMT Nizamnaməsini və beynəlxalq hüququ ciddi şəkildə pozur, Latın Amerikası və Karib dənizində sülh və təhlükəsizliyi təhdid edir", - deyən Çin diplomatı əlavə edib ki, regionda və ondan kənarda getdikcə daha çox ölkə ABŞ-ın hərəkətlərindən ciddi narahatlıq ifadə edir və onları qətiyyətlə pisləyir.
Sun Ley deyib ki, müstəqil, suveren dövlət olaraq Venesuela digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığı müstəqil şəkildə inkişaf etdirmək, qanuni hüquq və maraqlarını müdafiə etmək hüququna malikdir. Beynəlxalq ictimaiyyət buna hörmət etməli və dəstəkləməlidir.
Çin ABŞ-ı beynəlxalq birliyin çağırışına qulaq asmağa, bu cür hərəkətləri dayandırmağa, beynəlxalq hüquqa uyğun olaraq gəmiçiliyin təhlükəsizliyini və qanuni hüquqlarını təmin etməyə, qanunsuz birtərəfli sanksiyaları ləğv etməyə və Latın Amerikası və Karib dənizində sülh, sabitlik və inkişafa töhfə verməyə çağırır”, - deyə Çin nümayəndəsi bildirib.
