Yaponiya hökuməti 2026-cı maliyyə ili üçün (2026-cı ilin aprel ayından başlayaraq) rekord həddə - 122,3 trilyon yen (təxminən 783 milyard dollar) büdcə layihəsini təsdiqləyib.
NUHÇIXAN xarici məbuata istinadən xəbər verir ki, buraya həmçinin ölkə tarixində ən yüksək müdafiə xərcləri - 8,8 trilyon yen (56,3 milyard dollar) daxildir.
Hərbi büdcədəki artım hökumətin müdafiə qabiliyyətlərini artırmaq və zərbə silahlarını yerləşdirmək öhdəliyinin bir hissəsidir.
Baş nazir Sanae Takaiçi əvvəllər qarşıya 2027-ci ilə qədər ÜDM-in 2 %-lik müdafiə xərcləri hədəfinə vaxtından əvvəl çatmaq vəzifəsi qoymuşdu.
Səhiyyə xərclərinin artması səbəbindən sosial təminat xərcləri rekord həddə - 39 trilyon yenə (249,5 milyard dollar) çatacaq.
Vergi gəlirlərinin 83,7 trilyon yen (535,5 milyard dollar) çatacağı gözlənilir. Maliyyə sabitliyini qorumaq və ÜDM-dən təxminən iki dəfə böyük olan dövlət borcunun ağır yükünün artmasının qarşısını almaq üçün büdcəni maliyyələşdirmək məqsədilə dövlət istiqrazlarının buraxılışının 30 trilyon yen (təxminən 192 milyard dollar) səviyyəsində saxlanılması planlaşdırılır.
Büdcə layihəsi 2026-cı ilin əvvəlində parlamentə təqdim ediləcək.
