Böyük Britaniyada yaşayış səviyyəsinin aşağı düşəcəyi proqnozlaşdırılır

A- A A+

Böyük Britaniyada yaşayış səviyyəsinin yaxın on il ərzində aşağı düşəcəyi proqnozlaşdırılır.

NUHÇIXAN “The Telegraph”a istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzi tərəfindən dərc olunan illik iqtisadi reytinq hesabatında bildirilir.

Hesabata əsasən, yaşayış səviyyəsinin əsas göstəricilərindən biri olan adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 2035-ci ilə qədər Böyük Britaniyada Aralıq dənizi ölkəsi olan Maltanın göstəricilərindən aşağı düşə bilər. İqtisadçılar yüksək inflyasiya, zəif iqtisadi artım və ardıcıl vergi artımlarının ölkənin iqtisadi perspektivlərinə ciddi zərbə vurduğunu qeyd edirlər.

Sözügedən mərkəzin qiymətləndirməsində vurğulanır ki, hazırkı hökumətin iqtisadi siyasəti, o cümlədən maliyyə tədbirləri Böyük Britaniyanı keçmiş nailiyyətləri hesabına yaşayan ölkəyə çevirə bilər. Hesabatda maliyyə naziri Reyçel Rivz tərəfindən həyata keçirilən vergi siyasətinin iqtisadi artımı məhdudlaşdırdığı bildirilir. Sənəddə, həmçinin Baş nazir Kir Starmerin parlament müddəti ərzində yaşayış səviyyəsini yüksəltmək barədə verdiyi əsas vədlərdən birinə nail ola bilməyəcəyi barədə xəbərdarlıq edilir.

Mərkəzin proqnozuna görə, növbəti beş il ərzində Böyük Britaniyada adambaşına düşən ÜDM-in artımı G7 ölkələri arasında ikinci ən zəif göstərici olacaq. Britaniya bu göstərici üzrə Amerika Birləşmiş Ştatları, Fransa, Kanada, Almaniya və hətta İtaliyadan geri qalacaq. Hesabatda qeyd olunur ki, əhalisi təxminən yarım milyon olan Malta aşağı vergi siyasəti və biznes üçün cəlbedici mühiti ilə getdikcə daha çox britaniyalı sahibkarın diqqətini cəlb edir. Bu amil ölkənin iqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına şərait yaradır.

İqtisadçılar xəbərdarlıq edirlər ki, struktur islahatlar və uzunmüddətli iqtisadi artımı stimullaşdıran siyasət həyata keçirilməsə, Böyük Britaniyanın qlobal iqtisadi mövqeyi daha da zəifləyə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: