Almaniya və Ukrayna liderləri arasında telefon danışığı olub

A- A A+

Almaniya Kansleri Fridrix Merts ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

NUHÇIXAN xəbər verir ki, telefon söhbəti Ukrayna Prezidentinin ABŞ-a planlaşdırılan səfəri ərəfəsində avropalı liderlərlə məsləhətləşmə çərçivəsində baş tutub.

Fridrix Merts telefon danışığı ilə bağlı X hesabındakı paylaşımında avropalı müttəfiqlərin Ukraynaya fəal dəstəyini vurğulayaraq qeyd edib: “Biz qətiyyətlə sizin yanınızdayıq. Sülhün, azadlığın və təhlükəsizliyin təmin olunması üçün Avropanın güclü və koordinasiyalı yanaşması hələ də həyati əhəmiyyət daşıyır. Berlin qrupu ABŞ-dakı tərəfdaşlarımızla sıx koordinasiya şəraitində kömək göstərməyə hazırdır”.

Ukrayna Prezidenti isə görüşlə bağlı X platformasındakı paylaşımında telefon söhbətində ABŞ Prezidenti Donald Tramp ilə keçirəcəyi görüşə hazırlıq məsələlərini müzakirə etdiyini vurğulayıb. “Mövqelərimizi uzlaşdırırıq və Avropada hər kəs Avropa həyat tərzimizi, dövlətlərimizin müstəqilliyini və Avropada sülhü qorumaq məsələsində eyni mövqedə olmalıdır”, - deyə V.Zelenski qeyd edib.

Ukrayna Prezidenti Almaniyanın ölkəsinə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkürünü ifadə edərək, Almaniya ilə birgə görülən işlər sayəsində Ukraynada minlərlə insanın həyatının xilas edildiyini bildirib.

Qeyd edək ki, V.Zelenski NATO-nun Baş katibi Mark Rutte, Kanadanın Baş naziri Mark Karni və bir sıra digər avropalı liderlərlə də telefon danışığı aparıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: