Almaniyanın Şimali Reyn-Festfaliya əyalətinin Qelzenkirxen şəhərində əmanət kassası soyğuna məruz qalıb.
NUHÇIXAN “Bild” qəzetinə istinadla xəbər verir ki, soyğunçular binanın divarından böyük dəlik açaraq, birbaşa kassaların yerləşdiyi otağa daxil olub, seyflərdəki pul, qızıl və digər qiymətli əşyaları oğurlayıblar.
Hadisədən sonra dərin narahatlıq keçirən müştərilər kassanın binası önündə toplaşaraq vəziyyətlə bağlı məlumat almağa çalışıblar. Bəzi müştərilərlə polis əməkdaşları arasında gərginlik yaşanıb.
Əmanət kassasının rəhbərliyi vəziyyətin araşdırıldığını və müştərilərlə əlaqə saxlanılacağını bildirib.
Soyğuna məruz qalan otaqda 3300 seyfin olduğu və onların ümumilikdə 2700 müştəriyə icarəyə verildiyi bildirilir. Hər bir seyf 10 min 300 avroya qədər sığortalanıb.
Polisin məlumatına əsasən, peşəkarlıqla hərəkət edən oğrular əvvəlcə avtomobil dayanacağına daxil olub, bir neçə qapıdan keçərək arxiv otağına çatıb və oradan divarı qazaraq kassaların yerləşdiyi otağa daxil olublar. Bu zaman xüsusi qazma alətindən istifadə edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
