Tailand Kambocanın atəşkəs rejimini pozması ilə əlaqədar 18 kambocalı hərbçinin azad edilməsini təxirə salmağa qərar verib.
NUHÇIXAN "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyinin nümayəndəsi Nikorndey Balankur brifinqdə bildirib.
Onun sözlərinə görə, razılaşmanın şərtlərinə əməl etməyən Kamboca Tailandın hava məkanını pozduğu üçün ölkə hökuməti əsirlərin azad edilməsi müddətini yenidən nəzərdən keçirir.
Tərəflər arasındakı razılaşmaya əsasən, Banqkok əsirləri ötən şənbə günündən qüvvəyə minən atəşkəs rejiminin 72 saat davam edəcəyi halda azad etməli idi.
Lakin bir gün əvvəl Tailand ordusu bəyan edib ki, bazar ertəsinə keçən gecə Kamboca ərazisindən 250-dən çox dron Tailandın hava məkanına daxil olub. Banqkok bu insidenti təxribat adlandırıb və razılaşmaların pozulması kimi qiymətləndirib. Pnompen isə bu ittihamları rədd edib və pilotsuz uçuş aparatlarının uçuşuna ümummilli qadağa tətbiq edib.
