Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) adının Yəməndəki tərəflər arasında yaranmış gərginliklərlə əlaqələndirilməsini qətiyyətlə rədd edir və Yəmən tərəflərindən hər hansı birinə qardaş Səudiyyə Ərəbistanının təhlükəsizliyinə toxunan, yaxud onun sərhədlərini hədəf alan hərbi əməliyyatlar həyata keçirmək məqsədilə təzyiq göstərilməsi və ya göstəriş verilməsi barədə ittihamları kəskin şəkildə pisləyir.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər Birləşmiş Ərəb Əmirliklərinin Yəməndə baş verən son hadisələrlə bağlı yaydığı rəsmi bəyanatda əksini tapıb. Bəyanatda Səudiyyə Ərəbistanı Krallığının açıqlamasına dair narahatlıq ifadə olunaraq, BƏƏ-nin Yəmən Respublikasında baş verən hadisələrdəki rolu ilə bağlı irəli sürülən iddiaların kökündən yanlış olduğu vurğulanıb.
BƏƏ Səudiyyə Ərəbistanının təhlükəsizliyi və sabitliyində daim maraqlı olduğunu bildirir, Krallığın suverenliyinə və milli təhlükəsizliyinə tam hörmət etdiyini bəyan edir, eləcə də Krallığın və bütövlükdə regionun təhlükəsizliyini təhdid edə biləcək hər hansı addımı rədd edir. Qeyd olunur ki, iki ölkə arasındakı qardaşlıq və tarixi əlaqələr regional sabitliyin əsas sütunlarından biridir və BƏƏ qardaş Səudiyyə Ərəbistanı ilə tam koordinasiyalı şəkildə fəaliyyət göstərməkdə qərarlıdır.
Bəyanatda vurğulanır ki, BƏƏ-nin Yəmənin Hadramaut və əl-Mehra əyalətlərində baş verən hadisələrlə bağlı mövqeyi gərginliyin azaldılmasına, vəziyyətin nəzarət altına alınmasına, təhlükəsizlik və sabitliyin qorunmasına, habelə mülki əhalinin müdafiəsinə yönəlib. Bu fəaliyyətlərin hamısı qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə tam koordinasiya şəraitində həyata keçirilib.
Koalisiya qüvvələrinin hərbi sözçüsünün Yəmənin əl-Mukəlla limanında baş vermiş hərbi əməliyyatla bağlı səsləndirdiyi bəyanata münasibət bildirən BƏƏ Xarici İşlər Nazirliyi Yəmən münaqişəsinin alovlandırılması ilə bağlı iddiaları qətiyyətlə rədd edib və qeyd edib ki, həmin bəyanat Koalisiyaya üzv dövlətlərlə məsləhətləşmədən verilib.
Nazirlik heç bir silahın daşınmadığını, boşaldılan nəqliyyat vasitələrinin Yəməndəki tərəflərdən heç birinə məxsus olmadığını, onların BƏƏ-nin Yəməndə yerləşən qüvvələrinin ehtiyacları üçün göndərildiyini bildirib. Eyni zamanda qeyd olunub ki, yayılan iddialar yüklərin xüsusiyyətini və məqsədini düzgün əks etdirmir.
Vurğulanıb ki, bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında yüksək səviyyədə koordinasiya mövcud olub və nəqliyyat vasitələrinin limandan çıxarılmaması barədə razılaşma əldə edilib. Bu baxımdan, BƏƏ həmin nəqliyyat vasitələrinin əl-Mukəlla limanında hədəf alınması faktı ilə bağlı təəccübünü ifadə edib.
Xarici İşlər Nazirliyinin bəyanatında, həmçinin qeyd olunur ki, BƏƏ-nin Yəməndəki mövcudluğu Yəmənin qanuni hökumətinin müraciəti əsasında və qardaş Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası çərçivəsində həyata keçirilib. Məqsəd Yəmən Respublikasının suverenliyinə tam hörmət etməklə qanuni hakimiyyəti bərpa etmək və terrorizmlə mübarizə aparmaqdır. BƏƏ Koalisiya əməliyyatlarının başlanğıcından etibarən ciddi itkilər verib və müxtəlif mərhələlərdə qardaş Yəmən xalqına dəstək göstərib.
Bəyanatda vurğulanır ki, baş verən hadisələr bu məsələyə və onun potensial nəticələrinə dair haqlı suallar doğurur. Xüsusilə də əl-Qaidə, husilər və Müsəlman Qardaşları (əl-İxvan əl-Muslimin) kimi terrorçu qrupların yaratdığı təhlükələr və mövcud təhlükəsizlik vəziyyəti nəzərə alındıqda, bu mərhələdə maksimum səviyyədə koordinasiya, təmkin və müdriklik tələb olunur. Bu kontekstdə beynəlxalq ictimaiyyət tərəfindən terrorizm və ekstremizmlə mübarizə, gərginliyin azaldılması və sabitliyin təşviqi istiqamətində səylər göstərilir.
XİN-in bəyanatında, həmçinin bildirilib ki, son hadisələrin eskalasiyasının qarşısını almaq üçün məsuliyyətli davranmaq, təsdiqlənmiş faktlara və aidiyyəti tərəflər arasında mövcud koordinasiyaya əsaslanmaq zəruridir. Yalnız bu yolla təhlükəsizliyi və sabitliyi qorumaq, ortaq maraqları müdafiə etmək, Yəməndə siyasi prosesə dəstək vermək və böhranı sona çatdırmaq mümkündür.
Qeyd edək ki, bu gün Yəmən Prezidentlik Şurası və Yəməndə qanuni hakimiyyəti dəstəkləmək məqsədilə yaradılmış Ərəb Koalisiya Qüvvələrinin komandanlığı birgə bəyanat yayıb. Bəyanatda komandanlığın rəsmi icazəsi olmadan Fuceyrə limanından silah və ağır nəqliyyat vasitələri yüklənmiş gəmilərin Yəmənin əl-Mukəlla limanına göndərildiyi bildirilib. Bundan sonra Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Cənub Keçid Şurası qüvvələrinin əl-Mukəlla limanını ələ keçirməsindən sonra Yəmənin Hadramaut bölgəsində məhdud hərbi əməliyyata başladığını elan edib.
