2025-ci il Türkiyə üçün intensiv meşəsalma işləri ilə yadda qalıb. Ötən il ərzində ölkə üzrə ümumilikdə 517 milyon ting və toxum əkilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı açıqlama verib.
Nazir 2025-ci ilin meşəsalma fəaliyyəti baxımından olduqca məhsuldar keçdiyini vurğulayaraq deyib: “Geridə qoyduğumuz il 517 milyon ting və toxumu ölkəmizin bərəkətli torpaqları ilə qovuşdurduq. Prezidentimizin 600 milyon ting və toxum əkmək hədəfinə əmin addımlarla irəliləyirik”.
Meşəsalma və eroziya ilə mübarizə işləri sayəsində Türkiyənin dünyada ən çox yaşıllaşdırma aparan ilk 3 ölkə sırasında yer aldığını bildirən nazir qeyd edib ki, hazırda 23,4 milyon hektar olmaqla ölkə ərazisinin təxminən 30 faizi meşələrlə örtülüdür. İ.Yumaklı deyib: “Builki kampaniyamız digərlərindən fərqli olaraq 1 il davam edəcək. Yəni ötən il noyabrın 11-də başladığımız ağacəkmə kampaniyası 2026-cı ilin noyabr ayınadək davam edəcək”.
İqlim böhranının təsiri ilə dünyada meşə yanğınlarının artdığına diqqət çəkən nazir bu vəziyyətdən Türkiyənin də təsirləndiyini bildirib. O, meşə yanğınları ilə bağlı bütün tədbirlərin görüldüyünü vurğulayaraq sözlərini belə davam etdirib: “Yanğınlardan sonra bu ərazilərin tikintiyə açıldığı barədə dezinformasiya yayılır. Konstitusiyanın 169-cu maddəsi çox açıqdır və yanan sahələrin yenidən meşəsalma yolu ilə bərpa edilməsini nəzərdə tutur. Biz də yanan meşə sahələrində növbəti il yenidən ağac əkərək bərpa edirik”.
