ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməyə xərclənən bütün vəsaiti geri ala və hətta Kiyevlə faydalı qazıntılarla bağlı sazişlər sayəsində əlavə gəlir əldə edə biləcək.
NUHÇIXAN-ın məlumatına görə, Amerika lideri bu barədə Milad və Yeni il tətillərini Mar-a-Laqodakı iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən (Florida) Vaşinqtona gedən təyyarədə jurnalistlərə bildirib.
"Bu, bizə heç nəyə başa gəlmir. Əslində biz pul qazanırıq", - Tramp Vaşinqtonun Kiyevə dəstəyinə toxunaraq bildirib.
O, qeyd edib ki, ABŞ-nin 46-cı prezidenti Cozef Bayden Ukraynaya yardım üçün 350 milyard dollar verib. "İndi bunun əhəmiyyətli hissəsini geri almışam, çünki nadir yeraltı elementlərlə bağlı saziş bağlamışıq", - o qeyd edib.
"Biz bunun əhəmiyyətli bir hissəsini geri alacağıq. Bəlkə hamısını, bəlkə də daha çoxunu", - ABŞ Prezidenti əlavə edib. Tramp həmçinin vurğulayıb ki, ABŞ-yə indi Ukraynaya verilən Amerika silahlarına görə pul ödənilir.
