Pakistanın yeni qanadlı raketi Asiyada güc balansını dəyişir - FOTOLAR
Raketin gələcəkdə JF-17 qırıcılarına inteqrasiyası hansı perspektivləri vəd edir?
Müasir dünyada hərbi balans artıq sadəcə orduların say tərkibi ilə deyil, düşmən radarlarına yaxalanmadan strateji dərinliklərə zərbə endirmə qabiliyyəti ilə müəyyən edilir. Pakistanın 3 yanvar 2026-cı ildə "Bandits" eskadrilyasına məxsus Mirage-V platformasından atdığı 600 kilometr mənzilli "Taimoor" qanadlı raketi, Asiyanın hərbi şahmat taxtasında yeni və daha qətiyyətli bir gedişin simvoludur. Bu sınaq, Pakistanın texnoloji müstəqilliyini nümayiş etdirməklə yanaşı, həm də regiondakı rəqiblərinə qarşı "etibarlı konvensional çəkindirmə" gücünü zirvəyə daşıyır. Lakin "Taimoor"un yaratdığı dalğalar təkcə Cənubi Asiya sahillərində bitmir. Belə ki, bu texnologiyanın gələcəkdə JF-17 Block III qırıcılarına inteqrasiya olunacaq perspektivi, Azərbaycan kimi strateji müttəfiqlərin də hava doktrinasında inqilabi bir mərhələ vəd edir.
"Taimoor"un texniki üstünlüyü onun sadəcə uzaq mənzili ilə deyil, hədəfə çatana qədər nümayiş etdirdiyi intellektual manevrlərlə bağlıdır. Raketin çox aşağı hündürlükdə, yerin relyefini izləyərək (terrain-hugging) uçması, onu dünyanın ən mürəkkəb hava hücumundan müdafiə sistemləri üçün demək olar ki, "görünməz" edir. Bu da öz hava məkanını tərk etmədən, düşmənin yüzlərlə kilometr dərinliyindəki strateji mərkəzləri cərrah dəqiqliyi ilə sıradan çıxarmaq imkanı verir. Belə bir "stand-off" zərbə qabiliyyəti, hər hansı bir aqressiyaya qarşı mütləq qorunma qalxanı və eyni zamanda sarsılmaz bir hücum qılıncı vəd edir.
Perspektivdə JF-17 Block III qırıcılarının bu raketlə silahlanması, həm də Asiyadan Qafqaza uzanan yeni bir güc oxunun formalaşması deməkdir. Pakistanın uğurlu sınağı ilə başlayan bu proses, onun müttəfiqlərinin gələcəkdə göylərdəki mütləq hakimiyyətini və bölgədəki hərbi balansın sarsılmaz sabitliyini təmin edən bir zəfər yoluna çevrə bilər.
Artıq dövlətlərin gücü artıq sadəcə arsenalındakı silahların sayı ilə deyil, həmin silahların intellektual mənşəyi və strateji müttəfiqliklərin dərinliyi ilə ölçülür. Azərbaycan, Cənubi Qafqazın hərbi mənzərəsini yenidən cızarkən, öz milli müdafiə sənayesinin suverenliyini Pakistanla qurulan sarsılmaz hərbi-texniki əməkdaşlıqla sintez edərək unikal bir təhlükəsizlik arxitekturası formalaşdırır. Azərbaycanın yerli müdafiə sənayesi məhsullarının ən böyük üstünlüyü, onların real döyüş şəraitində sınaqdan keçərək təkmilləşdirilməsi və xarici logistik asılılığı minimuma endirməsidir. Lakin müasir hava döyüşlərində və uzaq məsafədən zərbə endirmə imkanlarında "texnoloji sıçrayış" etmək üçün Pakistanın təqdim etdiyi aviasiya təcrübəsi əvəzedilməz bir katalizator rolunu oynayır. JF-17 platformasının Azərbaycan Ordusunun arsenalına daxil olması sadəcə bir təyyarə alışı deyil, həm də yerli mühəndislik düşüncəsinin beynəlxalq standartlarla birləşməsidir. Bu təyyarənin "açıq arxitektura" quruluşu imkan verir ki, Azərbaycan öz yerli istehsalı olan "smart" sursatlarını və Türkiyə ilə birgə hazırlanan texnologiyaları bu platformaya maneəsiz inteqrasiya etsin. Beləliklə, yerli sənaye xarici bir platformanı öz milli maraqlarına uyğun "özəlləşdirərək" suveren bir hava gücü yaradır.
Nəticədə, öz milli zəkasını müttəfiq təcrübəsi ilə taclandıran Azərbaycan, göylərdəki suverenliyini sarsılmaz bir iradə ilə möhkəmləndirir və bu vəhdət müasir hərb tarixinə yeni bir uğur hekayəsi kimi həkk olunur.
Nəriman Nəcəfov