Böyük Britaniyada güclü qarın yağması və buzlaşmanın qeydə alınması səbəbindən yüzlərlə məktəb bağlanıb, hava və dəmir yolu nəqliyyatında ciddi problemlər yaranıb.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, Şotlandiya, Uels və Şimali İrlandiyanın müxtəlif bölgələrində məktəblər fəaliyyətini dayandırıb, minlərlə şagird Milad tətilindən sonra dərsə gələ bilməyib. Qarlı hava şəraiti hava nəqliyyatına da təsir göstərib, “Liverpool John Lennon Airport”un uçuş-enmə zolağı müvəqqəti bağlanıb, “Aberdin” və “İnverness” hava limanlarında bir sıra reyslər ləğv edilib. Dəmir yolu xətlərində də gecikmələr və qatarların hərəkətinin dayandırılması halları qeydə alınıb.
Şotlandiyanın şimal bölgələrində qarın daha intensiv yağması ilə əlaqədar narıncı xəbərdarlıq qüvvədədir. İngiltərənin, Uelsin və Şimali İrlandiyanın bəzi əraziləri üçün isə qar və buzlaşma ilə əlaqədar sarı xəbərdarlıq elan olunub.
Proqnoza görə, Şotlandiyanın bəzi bölgələrində ilin ilk həftəsində temperaturun sıfır dərəcədən yuxarı qalxması gözlənilmir. Həftə ərzində İngiltərə və Uelsin bəzi hissələrində yenidən qar yağması istisna edilmir.
