Zelenski Rusiyanın Kiyevdə xəstəxanaya endirdiyi zərbələrə münasibət bildirib - FOTOLAR

A- A A+

Bu gecə Rusiya qoşunları Kiyevdə stasionar şöbənin fəaliyyət göstərdiyi xəstəxanaya zərbə endirib. Pasiyentlər təcili təxliyə olunub, xəsarət alanlar var, bir nəfər isə həlak olub.

Bu barədə NUHÇIXAN Ukrayna Prezidenti Volodimir Zelenskinin sosial şəbəkədəki paylaşımına istinadla xəbər verir.

Dövlət başçısı bütün zərərçəkənlərə zəruri tibbi yardım göstərildiyini bildirərək, həlak olan şəxsin ailəsinə başsağlığı verib. Onun sözlərinə görə, xəstəxana bərpa olunacaq.

Zelenski, həmçinin gecə saatlarında Rusiyanın 165 zərbə PUA-sı ilə kütləvi hücum həyata keçirdiyini, onlardan təxminən 100-nün “Şahed” tipli pilotsuz uçuş aparatları olduğunu bildirib.

Zərbələr nəticəsində ölkənin müxtəlif bölgələrində yeni dağıntılar və enerji təchizatında fasilələr qeydə alınıb. Fəsadların aradan qaldırılması üzərində təmir briqadaları, enerjinin bərpası üçün lazım olan avadanlıqlar və fövqəladə xidmətlər çalışırlar.

“Biz mütləq tərəfdaşlarımıza xatırlatmalıyıq ki, hava hücumundan müdafiə sistemlərinə hər gün ehtiyac var, dron əleyhinə silahların istehsalı üçün maliyyə vəsaitlərinə hər gün ehtiyac var, energetika sahəsi üçün avadanlıqlara hər gün ehtiyac var. Bu həftə Avropa və amerikalı tərəfdaşlarımızla işləyəcəyik ki, Ukrayna zəruri yardımla təmin olunsun. Dövlətimizi və xalqımızı dəstəkləyən hər kəsə təşəkkür edirəm”, – deyə Zelenski bildirib.

Ukrayna mediasının məlumatına görə, yanvarın 5-nə keçən gecə Rusiya qoşunları Kiyevə kütləvi hücum həyata keçirib. Obolon rayonunda pilotsuz uçuş aparatı özəl klinikaya düşüb, nəticədə üç nəfər yaralanıb, daha bir nəfər aldığı xəsarətlərdən ölüb.

Tələfat və dağıntılar Kiyev vilayətində də qeydə alınıb. Fastov rayonunda təxminən on yaşayış evi, avtomobillər, qarajlar və anbar binaları zədələnib. Yerli sakinlərdən biri həlak olub, xilasedicilər onun cəsədini evdə baş vermiş yanğının söndürülməsi zamanı aşkar ediblər.

Bundan başqa, Rusiya ordusu Çerniqova kombinə edilmiş zərbə endirib, nəticədə mülki infrastruktur ciddi dağıntılara məruz qalıb.

Hücumlar raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Zərbələr və onların nəticələri Kiyevdə, Çerniqovda, Slavutıçda, Poltavada və Xarkovda qeydə alınıb. Ukrayna Hava Qüvvələrinin məlumatına görə, Rusiya Bryansk və Voronej vilayətlərindən “İskander-M” üçün doqquz ballistik raket, həmçinin S-300 zenit-raket kompleksləri üçün idarə olunan raketlər tətbiq edib, eyni zamanda “Şahed”, “Gerbera” və digər tipli 165 zərbə PUA-sı buraxıb. Onlardan təxminən yüzü məhz “Şahed”lər olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: