2026-cı ildə Qazaxıstan Dəmir Yolu şirkətinin qatarlarında və “Air Astana” aviaşirkətinin təyyarələrində peyk internetinin istifadəyə verilməsi planlaşdırılır.
NUHÇIXAN “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Baş nazirinin müavini və süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib.
O qeyd edib ki, hazırda Qazaxıstanda üç peyk internet operatoru fəaliyyət göstərir, daha iki xarici şirkət isə yaxın gələcəkdə bazara çıxmağı planlaşdırır. Bu texnologiyaların pilot sınaqları 2026-cı ilə planlaşdırılır.
Bundan əlavə, ölkədə avtomobil yollarında mobil rabitənin təmin edilməsi layihəsi həyata keçirilir. Layihə təxminən 40.000 kilometr milli və regional yolları əhatə edir və növbəti iki il ərzində onun tamamlanması planlaşdırılır.
Nazir, həmçinin beşinci nəsil şəbəkənin inkişafı məsələsinə də toxunub. “5G şəbəkəsi hazırda 20 şəhərdə mövcuddur. Biz bu şəhərlərin 75 faizinə qədərini əhatə etməyi planlaşdırmırıq”, - deyə o bildirib.
Kənd yerlərində rəqəmsal infrastrukturun inkişafından danışan Jaslan Madiyev qeyd edib ki, Qazaxıstanda 6000-dən çox kənd yaşayış məntəqəsi var. “Bunların 3 mindən çoxu bu il və gələn il fiber-optik xətlər vasitəsilə yüksəksürətli internetlə təmin ediləcək. Beləliklə, əhalinin 99 faizi yüksəksürətli internetə sahib olacaq”, - deyə nazir bildirib.
Eyni zamanda, o qeyd edib ki, fiber-optik şəbəkələrin birbaşa evlərə çatdırılmasını nəzərdə tutan “Son mil” layihəsinin həyata keçirilməsi davam edir. Nazir əlavə edib: “Layihə 400 minə qədər ev təsərrüfatı üçün fiber-optik xətlərin çəkilməsini nəzərdə tutur. Əlavə 2,5 milyon insana xidmət göstəriləcək”.
