Səudiyyə Ərəbistanı kapital bazarını bütün kateqoriyalı xarici investorlara açmaq qərarına gəlib.
NUHÇIXAN xəbər verir ki, bu addım ölkəyə kapital axınını artırmaq məqsədi daşıyır.
Ölkənin kapital bazarına nəzarət edən qurumu (CMA) qeyri-rezident xarici investorların ölkənin əsas maliyyə bazarına birbaşa investisiya qoymasına imkan verən tənzimləyici çərçivə layihəsini təsdiqləyib. Bu, Səudiyyə Ərəbistanının maliyyə bazarını bütün kateqoriyalar üzrə dünyanın müxtəlif investor qrupları üçün əlçatan edəcək. Məqsəd investisiya qoymaq üçün hüququ olan investor bazasını genişləndirmək və şaxələndirmək, bununla da investisiya axınlarını dəstəkləmək və likvidliyi artırmaqdır. Qərar fevralın 1-dən qüvvədə olacaq.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı maliyyə bazarına xarici investorlar üçün məhdudiyyətlər tətbiq edirdi. Bu məhdudiyyətlərdən biri də xarici investorların ən azı 500 milyon dollarlıq aktivləri idarə etməsini tələb edirdi.
