Yağan güclü qar Fransada nəqliyyatın hərəkətinə ciddi çətinliklər yaradıb. Yanvarın 7-i səhər saatlarında Ruasi-Şarl-dö-Qol (Roissy-Charles-de-Gaulle) hava limanında təxminən 100, Orly hava limanında isə 40-a yaxın uçuş ləğv edilib.
NUHÇIXAN xəbər verir ki, ölkənin nəqliyyat naziri Filip Tabarot “CNews” kanalına açıqlamasında kəskin hava şəraiti ilə bağlı bu gün Fransada vəziyyətin mürəkkəb olduğunu bildirib.
İl-de-Frans regionunda avtobus xətləri tamamilə dayandırılıb. Paris Muxtar Nəqliyyat İdarəsi (RATP) qarın başlaması ilə əlaqədar avtobusların hərəkətinin təhlükəsizlik səbəbi ilə dayandırıldığını açıqlayıb. Lakin metro, RER və tramvaylar normal şəkildə fəaliyyət göstərir.
Qar və buzlanma səbəbindən nəqliyyatın hərəkətdə çətinliklər yaranıb. Parisin polis rəhbərliyi, N118 magistral yolunun hər iki istiqamət üzrə bağlanmasına qərar verib. Bundan əlavə, İl-de-Fransada bütün avtomobillər üçün sürət həddi 70 km/saat ilə məhdudlaşdırılıb. Həmçinin 3,5 tondan ağır yük avtomobillərinin bəzi əsas yollarda hərəkət etməsi qadağan edilib.
“Météo-France” 38 departamentdə hələ də narıncı xəbərdarlıq səviyyəsi saxlanılır.
Bir çox bölgədə məktəblərin bağlanması qərarı alınıb. Fransada qar yağışı və buzlanma davam edir və ölkə üzrə nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub. Səhər saatlarında 800 kilometrdən çox tıxac qeydə alınıb.
