ABŞ Prezidenti Donald Tramp və komandası Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı əldə etmək üçün ordudan istifadə də daxil olmaqla, müxtəlif variantları araşdırır.
NUHÇIXAN xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt çərşənbə axşamı günü Sinxua agentliyinə elektron poçtla göndərdiyi bəyanatda bildirib.
“Prezident və onun komandası bu mühüm xarici siyasət hədəfinə nail olmaq üçün bir sıra variantları müzakirə edir və əlbəttə ki, ABŞ ordusundan istifadə də Ali Baş Komandan üçün bir variantdır. Prezident Tramp açıq şəkildə bildirib ki, Qrenlandiyanın əldə edilməsi Birləşmiş Ştatların milli təhlükəsizlik prioritetidir və Arktika bölgəsindəki düşmənlərimizin qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir”, - deyə mətbuat katibi vurğulayıb.
Ağ Ev rəhbərinin müavini Stiven Miller isə CNN telekanalına müsahibəsində bildirib ki, heç kim Qrenlandiyaya görə ABŞ-la müharibə etməyəcək. Vaşinqtonun rəsmi mövqeyi ondan ibarətdir ki, Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır.
Danimarkanın Baş naziri Mette Frederiksen isə öz növbəsində xəbərdarlıq edib ki, “əgər Birləşmiş Ştatlar başqa bir NATO ölkəsinə hücum etmək qərarına gəlsə, o zaman NATO da daxil olmaqla, İkinci dünya müharibəsindən sonra qurulan təhlükəsizlik sistemi sona çatacaq”.
Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya, Böyük Britaniya və Danimarka liderləri dünən birgə bəyanat yayaraq, bu məsələdə yalnız Danimarka və Qrenlandiyanın qərar verməli olduqlarını qeyd ediblər. Liderlər vurğulayıblar ki, Arktikanın təhlükəsizliyi Avropa üçün əsas prioritet olaraq qalır, həmçinin beynəlxalq və transatlantik təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir.
