Rusiya ordusu “Kalibr” raketləri və “Şahed” dronları ilə Ukraynaya zərbələr endirib - FOTOLAR
Rusiya qoşunları yanvarın 9-na keçən gecə hücum dronları, dəniz və quru əsaslı raketlərdən istifadə edərək Ukrayna ərazisinə zərbələr endirib.
NUHÇIXAN bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin “Telegram” kanalına istinadən xəbər verir.
Ümumilikdə, Hərbi Hava Qüvvələrinin elektron müharibə qoşunları 278 hava hücum silahını - 36 raket və 242 müxtəlif növ dronları aşkar edib və izləyib. Əsas zərbə zonası Kiyev bölgəsi olub.
Ukraynaya hava hücumunda Kursk, Oryol, Millerovo, Primorsko-Axtarsk (Rusiya), Çauda, Qvardeyskoye (Krım) və Donetsk istiqamətlərindən 242 “Şahed” və digər növ dronlardan, Rusiyanın Həştərxan bölgəsindəki Kapustin Yar sınaq poliqonundan on üç “İsgəndər-M/S-400” ballistik raketindən, 22 ədəd “Kalibr” qanadlı raketi və bir ortamənzilli ballistik raketdən istifadə olunub.
Qeyd etmək lazımdır ki, Hərbi Hava Qüvvələri "Oreşnik" zərbəsini təsdiqləməsə də, ortamənzilli ballistik raketin buraxılış yerini, yəni, bu tip raketlərin yerləşdiyi "Kapustin Yar" sınaq poliqonunu göstərib.
Rusiyanın hücumu təyyarələr, zenit-raket qoşunları, elektron müharibə bölmələri, pilotsuz sistemlər və Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib.
İlkin məlumatlara görə, Hava Hücumundan Müdafiə Qüvvələri 244 hava hədəfini - 226 düşmən PUA-sını, 8 “İskəndər-M/S-400” ballistik raketini və 10 “Kalibr” qanadlı raketini vurub.
Bundan başqa, 19 yerdə 18 raket və 16 hücum dronunun zərbələri qeydə alınıb.
Qeyd etmək lazımdır ki, Rusiya ordusu 9 yanvar gecəsi Ukraynaya kütləvi hücuma keçib. Yaşayış binalarına və vacib infrastruktura çoxsaylı ziyan dəyib, avtomobillərdə, anbarlarda, qarajlarda və digər tikililərdə yanğınlar baş verib.
Kiyevdə onlarla insan yaralanıb, dörd nəfər həlak olub. Bundan əlavə, evlərə ziyan dəyib və bir neçə yanğın baş verib. Ölənlər arasında yaralılara kömək etmək üçün gələn tibb işçisi də var. Onun həmkarları da yaralanıb.
Bundan əlavə, yanvarın 9-na keçən gecə Lvovda bir sıra güclü partlayışlar eşidilib. Onlayn xəbərlərdə Rusiyanın "Oreşnik" ballistik raketinin zərbəsi qeydə alınıb. “Zapad” hava qüvvələri komandanlığı raketin saatda təxminən 13.000 kilometr sürətlə ballistik trayektoriya üzrə uçduğunu bildirib.