Avropa İttifaqı ilə Merkosur ölkələri arasında bağlanan ticarət sazişinin yaxın günlərdə ratifikasiya olunması Fransanı çətin vəziyyətə salıb. Uzun müddət bu müqaviləyə qarşı çıxan Paris lazımi bloklayıcı azlıq yarada bilmədiyi üçün indi faktiki olaraq təcrid olunub. Sazişin yanvarın 12-də Paraqvayda rəsmi şəkildə təsdiqlənməsi gözlənilir.
NUHÇIXAN xəbər verir ki, prezident Emmanuel Makronun bu müqaviləni təkbaşına dayandırmaq cəhdi nəticəsiz qalıb. Alternativ planın olmaması Fransa üçün iki mənfi seçim yaradıb: ya müqaviləyə qarşı tək qalmaq, ya da son anda mövqeyini dəyişərək Brüsselin verdiyi zəmanətləri əsas gətirib razılıq vermək. Hər iki halda siyasi və simvolik itkilər qaçılmaz görünür.
Makron fermerlərin qəzəbini azaltmaq üçün sərt mövqe tutsa da, nəticə əksinə olub. Kənd təsərrüfatı dünyasında narazılıq daha da artıb, etiraz aksiyaları 39 departamenti əhatə edir. Fransa Avropa səhnəsində tənhalaşıb. Beləliklə, Merkosur məsələsi Fransa üçün həm siyasi, həm strateji, həm də simvolik uğursuzluğa çevrilib.
