Ukrayna və Böyük Britaniya Kiyevdə müdafiə sahəsində əməkdaşlıq üzrə yol xəritəsi imzalayıb

A- A A+

Ukrayna və Böyük Britaniya Kiyevdə cari il üçün müdafiə sahəsində əməkdaşlıq üzrə yol xəritəsi imzalayıb. Sənəddə Rusiyanın yeni hücumları fonunda hava hücumundan müdafiə, pilotsuz uçuş aparatları və aviasiya sahələrində birgə layihələr müəyyənləşdirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal “Telegram” hesabında məlumat verib.

“Bu gün Kiyevdə Böyük Britaniyanın müdafiə naziri Con Hili ilə birlikdə müdafiə sahəsində yüzillik tərəfdaşlığın inkişafına dair yol xəritəsini imzaladıq”, – deyə o yazıb.

Razılaşma iki dövlət arasında uzunmüddətli hərbi-texniki və sənaye əməkdaşlığının əsasını qoyur.

“Bu sənəd Rusiyanın hücumlarından Ukraynanı qorumaq imkanlarımızı gücləndirəcək genişmiqyaslı müdafiə layihələrinə yol açır”, – deyə D.Şmıqal vurğulayıb.

Görüş zamanı tərəflər Rusiyanın bu gecə Ukraynaya qarşı həyata keçirdiyi kütləvi kombinə edilmiş zərbələrin nəticələrini də müzakirə ediblər.

Ukrayna nümayəndə heyəti britaniyalı tərəfdaşları mövcud vəziyyət və ilkin ehtiyaclar barədə məlumatlandırıb.

Nazir qeyd edib ki, hava hücumundan müdafiənin gücləndirilməsi və bu sistemlər üçün döyüş sursatlarının tədarükü bizim üçün əsas prioritet olaraq qalır.

Ayrıca olaraq Ukrayna və Böyük Britaniya hava hücumundan müdafiə və uzaqmənzilli silahlar sahəsində birgə strateji layihələrin inkişafını razılaşdırıblar. Həmçinin təsdiqlənib ki, Ukrayna fevral ayından etibarən “Octopus” tipli 1000 ədəd dron əleyhinə silahların aylıq istehsalına başlamağı planlaşdırır.

Bununla yanaşı, tərəflər Britaniya şirkətlərinin texnologiyalarının istifadə edildiyi “Gripen” qırıcılarının istehsalının lokallaşdırılması perspektivlərini, Qara dənizin mühafizəsinin gücləndirilməsini və fevral ayında keçiriləcək “Ramştayn” formatlı iclasa hazırlıq məsələlərini müzakirə ediblər.

Ukrayna ilə Böyük Britaniya arasında yüzillik tərəfdaşlıq haqqında saziş sistemli və uzunmüddətli müdafiə əməkdaşlığına keçid məqsədilə imzalanıb. Eyni zamanda, saziş birgə investisiyaları, istehsalın lokallaşdırılmasını və müdafiə sənayesinin texnoloji inteqrasiyasını nəzərdə tutur.

Böyük Britaniya müharibənin başlanğıcından etibarən Ukraynanın əsas hərbi tərəfdaşlarından biridir və ölkəyə hava hücumundan müdafiə sistemləri, raketlər, zirehli texnika, eləcə də hərbçilər üçün təlimlər təqdim edir.

Yeni razılaşmalar Rusiyanın raket və dron hücumlarının intensivliyinin artdığı, həmçinin tərəfdaşların cari il üçün yardımların həcmlərini müəyyən edəcəyi növbəti “Ramştayn” iclasına hazırlıq fonunda bu dəstəyi daha da gücləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: