ABŞ Prezidentinin Qrenlandiya ilə bağlı təhdidləri Avropada gərginliyi artırıb

A- A A+

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın mümkün güc yolu ilə ələ keçirilməsi ilə bağlı yenilənmiş bəyanatları Avropa paytaxtlarında ciddi narahatlıq doğurub.

NUHÇIXAN İsveçin “Dagens Nyheter” nəşrinə istinadla xəbər verir ki, Danimarka Ağ Evlə qarşıdurmanın daha da ağırlaşacağından ehtiyat edərək məsələni şüurlu şəkildə Avropa İttifaqı səviyyəsinə çıxarmaqdan yayınır.

Buna baxmayaraq, aparıcı Avropa dövlətləri olan Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya və Polşa Kopenhagenə dəstəklərini açıq şəkildə ifadə edərək vurğulayıblar ki, Qrenlandiyanın taleyi yalnız Danimarka və adanın özü tərəfindən həll oluna bilər. Bu həmrəylik siqnalı gələn həftə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussenin amerikalı həmkarı ilə planlaşdırılan görüşü ərəfəsində Danimarka hökuməti üçün mühüm əhəmiyyət kəsb edib.

Brüsseldə böhran idarəçiliyi fəallaşıb, lakin Avropa İttifaqının konkret cavab tədbirlərinin müzakirəsi hələlik təxirə salınıb. Bununla paralel olaraq, Aİ ölkələrində diplomatlar siyasi bəyanatlardan iqtisadi təzyiqə qədər mümkün reaksiya ssenariləri üzərində işləyirlər.

Fransa açıq şəkildə kollektiv “Avropa cavabı”nın hazırlanmasına başlandığını bəyan edərək bildirib ki, burada təkcə ABŞ-la münasibətlər deyil, həm də NATO-nun gələcəyi sual altındadır. Danimarkanın Baş naziri Mette Frederiksen isə xəbərdarlıq edib ki, NATO-ya üzv olan bir dövlətin digərinə qarşı hərbi müdaxiləsi alyansın əsaslarının sarsıdılması demək olardı.

Mümkün çıxış yolu kimi NATO-nun vasitəçiliyi və formal anneksiya olmadan Qrenlandiyada ABŞ-ın hərbi mövcudluğunun gücləndirilməsi nəzərdən keçirilir. Aİ də ticarət rıçaqlarını işə salmağa hazır olduğunu bildirir. ABŞ-la əvvəllər razılaşdırılmış tarif sazişi Vaşinqton təhdidlərindən imtina etməzsə, pozula bilər.

Avropalı diplomatlar təhlükəsizlik və Qərbin birliyinə zərər vurmadan həm hərbi, həm də ticarət qarşıdurmasından yayınmağa imkan verəcək bir həll tapmağa ümid edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: