Danimarka Qrenlandiyanı öz tərkibində saxlamağa çalışaraq NATO-nun parçalanmasına zəmin yaradır.
NUHÇIXAN xəbər verir ki, bunu adanın müxalif "Naleraq" partiyasının lideri Pele Broberq "TV2" telekanalının efirində bəyan edib.
"Danimarka Qrenlandiyanı öz tərkibində saxlamaq üçün panika içində hərəkət edərək NATO alyansının dağılmasına yol açmaq üzrədir, halbuki Qrenlandiya sadəcə olaraq Danimarkanın tərkibində qalmaq istəmir", – deyə siyasətçi vurğulayıb.
Broberq vurğulayıb ki, adanın gələcəyi ilə bağlı danışıqlar, ilk növbədə, ABŞ və Qrenlandiya arasında aparılmalıdır, Danimarka isə bu prosesə yalnız dəstək verə bilər.
Siyasətçi həmçinin qrenlandiyalıları müstəqillik tələblərində ehtiyatlı olmağa çağıran analitiklərin bəyanatlarını "tragikomik" adlandırıb, çünki bu, ABŞ-nin maraqlarına xidmət edə bilər. Onun fikrincə, vəziyyətin deeskalyasiyası üçün əsas vasitə Vaşinqton və Qrenlandiya arasında birbaşa imzalanacaq yeni müdafiə sazişi ola bilər.
"Biz nə danimarkalı, nə də amerikalı olmaq istəyirik. Biz qrenlandiyalı olmaq istəyirik", – deyə Broberq fikrini yekunlaşdırıb.
Bundan əvvəl "Financial Times" qəzeti yazmışdı ki, Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt Danimarkanın iştirakı olmadan ABŞ nümayəndələri ilə görüşün keçirilməsi imkanına eyham vurub.
Bununla belə, "Verian" şirkətinin keçirdiyi sosioloji sorğunun nəticələri göstərir ki, qrenlandiyalıların 85%-i amerikalı olmaq istəmir, çünki Danimarkada həyat səviyyəsinin daha yüksək olduğunu hesab edirlər.
