Ekvador polisi bazar günü turistlər arasında populyar olan çimərliklərin birində beş insan başı aşkarlayıb.
NUHÇIXAN xəbər verir ki, insan başları Puerto-Lopes çimərliyində iplə iki taxta dirəyə bağlanıb. Həmin dirəklərdə taxta lövhələrdə əraziyə nəzarət edən cinayətkar dəstələrə ünvanlanan hədələr yer alıb və “Şəhər bizə məxsusdur” sözləri yazılıb.
Ekvadorun Puerto-Lopes sahil şəhəri balinaların müşahidəsi üçün məşhur turizm məkanıdır. Ötən ilin dekabrında həmin çimərlikdə azı doqquz nəfər, o cümlədən bir körpə uşaq zorakılıqla qətlə yetirilmişdi. Hakimiyyət orqanları bu hadisəni yerli dəstələr arasında qarşıdurma ilə əlaqələndirmişdi.
Qeyd edək ki, dünyada kokain istehsalında lider olan iki ölkə - Kolumbiya və Peru arasında yerləşən Ekvador son illər narkotik ticarəti üçün mühüm tranzit ölkəyə çevrilib. Ölkə Prezidenti Daniel Noboa bir neçə əyalətdə fövqəladə vəziyyət elan edərək narkokartellərə qarşı mübarizəyə başlasa da, görülən tədbirlər indiyədək ciddi nəticə verməyib. 2025-ci ildə Ekvadorda hər 100 min nəfərə 52 qətl hadisəsi düşüb.
