Sidneydə Hanuka bayramı mərasimində törədilmiş terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar yanvarın 22-si Avstraliyada matəm günü elan olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə qərarı Avstraliya İttifaqının Baş naziri Entoni Albaniz elan edib. Baş nazir Avstraliya parlamentində keçirilən mətbuat konfransında bildirib ki, matəmlə əlaqədar federal parlamentin yay tətili 2 həftə erkən başa çatacaq. Məqsəd silah sahibliyi haqqında qanuna dəyişiklik məsələsinə baxılmasıdır.
Qeyd edək ki, dekabrın 14-də yəhudilərin Hanuka bayramı zamanı Sidneydəki Bondi çimərliyində atışma baş verib. Nəticədə 15 nəfər qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri polis tərəfindən məhv edilib, digəri isə saxlanılıb. Polis hücumu yəhudi icmasını hədəf alan terror aktı adlandırıb.
Bondi terrorunu törədənlərdən birinin odlu silah lisenziyasına sahib olması haqda məlumat yayılandan sonra ölkədə silah satışı ilə bağlı qanunun dəyişidirilməsi üçün müzakirələr başlayıb. Hökumət bu istiqamətdə əhalidən silahların satın alınması proqramına başladığını elan edib. Baş nazir Entoni Albaniz deyib ki, hökumət bu proqram çərçivəsində yüz minlərlə odlu silahın toplanaraq məhv edilməsini hədəfləyib. O, əhalinin əlində 4 milyondan çox odlu silah olduğunu bildirib.
