Yaponiyanın Baş naziri Sanae Takaiti və Cənubi Koreya Prezidenti Li Çje Myon iqtisadi təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Qərar Çinin əsas məhsulların ixracına qoyduğu yeni məhdudiyyətlər fonunda qəbul edilib.
Birgə mətbuat konfransında Takaiti həmçinin bildirib ki, tərəflər sammitlər səviyyəsində qarşılıqlı səfərləri davam etdirmək niyyətində olduqlarını təsdiqləyiblər.
L.Myon ABŞ-nin simasında ortaq müttəfiqlə üçtərəfli əməkdaşlığın vacibliyini vurğulayıb, Şimali Koreyanın nüvə və raket təhdidləri fonunda Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsi istiqamətində işləməyə hazır olduğunu təsdiqləyib.
Agentlik qeyd edib ki, danışıqların əvvəlində S.Takaiti Yaponiya və Cənubi Koreyanın ikitərəfli münasibətləri inkişaf etdirməsinin və regionda sabitlik naminə birgə işləməsinin zəruriliyini vurğulayıb.
Öz növbəsində, L.Myon əlavə edib ki, Seul-Tokio əməkdaşlığı sürətlə dəyişən beynəlxalq nizam şəraitində hər zamankından daha vacibdir.
