Prezident Donald Trampın siyasəti Venesuelanın neft quyularını yenidən açmasına və xam neft ixracını bərpa etməsinə imkan yaradıb.
NUHÇIXAN Amerika mediasına istinadla xəbər verir ki, Venesueladan hər biri 1,8 milyon barel neft daşıyan iki supertanker yola düşüb. Bu daşımalar Karakas və Vaşinqton arasındakı razılaşma çərçivəsində həyata keçirilir.
Qeyd olunur ki, ötən həftə ölkənin ümumi xam neft istehsalı noyabrın sonundakı 1,16 milyon bareldən təxminən 880 min barelə düşüb. Ötən həftə Tramp ABŞ-ın blokadası səbəbindən çətin vəziyyətdə qalan 50 milyon barelədək Venesuela neftini emal etmək və satmaq planını açıqlayıb.
Lakin Venesuelaya qarşı daha geniş sanksiyalar hələ qüvvədə qalır və Vaşinqton yalnız məhdud miqdarda, ciddi nəzarət altında aparılan neft əməliyyatlarına icazə verir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Ağ Evdə əsas enerji şirkətlərinin rəhbərləri ilə görüşərək Venesuelanın neft sənayesinin bərpası imkanlarını müzakirə edib. Bunun üçün azı 100 milyard dollar investisiyanın lazım olduğu bildirilir.
