Yaponiyanın “NTT DATA”, “Sumitomo Corporation” və “JA Mitsui Leasing” şirkətləri bir neçə region ölkəsini birləşdirəcək sualtı kabel çəkmək niyyətindədirlər.
NUHÇIXAN xəbər verir ki, “NTT DATA” şirkətinin saytında yerləşdirilmiş məlumata görə, Yaponiya, Malayziya və Sinqapuru Koreya, Filippin və Tayvanla birləşdirəcək sualtı kabelin uzunluğu təxminən 8100 kilometr olacaq.
İştirakçılar layihəni həyata keçirmək üçün müştərək “Intra-Asia Marine Networks” adlı yeni şirkət quracaqlar. 16 fiber-optik cütə malik olacaq kabel saniyədə təxminən 320 terabit ötürməni təmin edəcək. Təxminən 1 milyard dollara başa gələcək layihənin 2029-cu ilədək tamamlanması planlaşdırılır.
“Nikkei Asia” portalının məlumatına görə, ötən il Yaponiya və Sinqapur 2029-cu ilədək 8900 kilometr uzunluğunda sualtı kabel çəkəcəklərini elan ediblər. Həmin kabel bu ölkələri İndoneziya, Bruney, Malayziya, Filippin, Koreya Respublikası və Tayvanla birləşdirəcək.
Qeyd edək ki, dünya ölkələri arasında bütün məlumatların təxminən 99 faizi sualtı kabellər vasitəsilə ötürülür. Bu kabellər artıq iqtisadi və rəqəmsal təhlükəsizlik sahəsində vacib strateji infrastruktura çevrilib.
