Şirin içkilərin və alkoqollu məhsulların qiymətinin ucuzlaşması onları getdikcə daha da əlçatan edir ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, qeyri-infeksion xəstəliklərin və travmaların artmasına gətirib çıxarır. Bu hal xüsusilə uşaqlar və gənclər arasında daha kəskin şəkildə özünü göstərir və əhalinin bu qrupunda piylənmə, şəkər, ürək-damar xəstəlikləri və xərçəng xəstəliyinin bəzi növlərinə daha tez-tez rast gəlinir.
NUHÇIXAN xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
ÜST-nin çərşənbə axşamı dərc olunmuş iki qlobal hesabatında hökumətlərə şəkər tərkibli içkilər və alkoqollu məhsullar üzrə vergi siyasətini əhəmiyyətli dərəcədə gücləndirmək çağırışı yer alıb. Təşkilat xəbərdarlıq edir ki, zəif vergi nəzarəti səbəbindən zərərli məhsullar ucuz olaraq qalır.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus vurğulayıb ki, bu cür məhsullara olan yüksək vergilər əhalinin sağlamlığının yaxşılaşdırılması üçün ən effektiv alətlərdən biridir. Onun sözlərinə görə, tütün məmulatlarına, şirin içkilərə və alkoqola tətbiq edilən vergilərin artırılması onların istehlakını azaldır və tibbi xidmətlərin maliyyələşdirilməsi üçün əlavə vəsait təmin edir.
Baxmayaraq ki, şəkər tərkibli içkilərin və alkoqollu məhsulların qlobal bazarı milyardlarla gəlir gətirir, dövlətlər bu gəlirin yalnız kiçik bir hissəsini əldə edirlər. Şirin içkilər üzrə vergilər ən azı 116 ölkədə tətbiq olunur, lakin şəkərin yüksək miqdarda olduğu bir çox məhsullar olan meyvə şirələri, südlü kokteyllər, hazır qəhvə və ya çay içkiləri vergidən kənarda qalır. Enerji içkiləri ölkələrin 97 faizində vergiyə cəlb olunur və bu göstərici 2023-cü ildən dəyişməyib.
ÜST-nin hesabatı göstərir ki, alkoqollu məhsullar üzrə vergilər 167 ölkədə qüvvədədir, 12 dövlətdə isə spirtli içkilərin satışı tam qadağandır. Bununla belə, 2022-ci ildən etibarən əksər ölkələrdə alkoqollu məhsullar daha əlçatan olub və ya əvvəlki qiymət səviyyəsini qoruyub saxlayıb, çünki vergi dərəcələri inflyasiya və gəlirlərin artımı ilə ayaqlaşmır. Şərab ən azı 25 ölkədə əlavə vergiyə cəlb olunmur.
ÜST-nin Sağlamlıq göstəriciləri üzrə departamentinin direktoru Etyen Kruq qeyd edib ki, əlçatan alkoqol zorakılıq hallarının, travmaların və xəstəliklərin artmasına şərait yaradır.
ÜST bildirir ki, dünyada ümumilikdə alkoqollu məhsullar üzrə aksiz vergiləri aşağı səviyyədə qalır, belə ki, orta göstərici pivə üçün 14 faiz, güclü spirtli içkilər üçün isə 22,5 faiz təşkil edir. Şirin içkilər üzrə vergilər də aşağıdır: orta hesabla adi şirin qazlı içkinin dəyərinin cəmi təxminən 2 faizi səviyyəsindədir və çox vaxt yalnız məhdud məhsul siyahısına şamil olunur. Bundan əlavə, yalnız az sayda ölkə vergi dərəcələrini inflyasiyaya uyğunlaşdırır ki, bu da zərərli məhsulları getdikcə daha əlçatan edir.
2022-ci ildə “Gallup” sosioloji xidməti tərəfindən aparılmış sorğunun nəticələri göstərib ki, respondentlərin əksəriyyəti alkoqollu məhsullar və şirin içkilər üzrə vergilərin artırılmasını dəstəkləyir. ÜST ölkələri bu sahədə siyasəti yenidən nəzərdən keçirməyə çağırır.
