Hakan Fidan: Beynəlxalq sistemin düşdüyü çıxılmaz vəziyyət ötən il daha da dərinləşib

A- A A+

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirdiyi ilin yekunları ilə bağlı toplantıda 2025-ci ilin qlobal nizamda dərin yaralar buraxan bir il olduğunu qeyd edərək rəsmi Ankaranın bu mürəkkəb şəraitdəki strateji fəaliyyətini yüksək qiymətləndirib.

NUHÇIXAN xəbər verir ki, nazir ötən il beynəlxalq qaydalar sisteminin ciddi zərər gördüyünü, iqtisadi dalğalanmalar və texnoloji dəyişikliklərin dövlətləri öz prioritetlərini yenidən nəzərdən keçirməyə məcbur etdiyini bildirib.

Bu proseslərin fonunda Türkiyənin sülh yolu ilə həll üçün diplomatiyanı yeganə vasitə kimi ön plana çıxardığını vurğulayan Hakan Fidan ölkəsinin böhran anlarında məsləhət alınan və vasitəçilik üçün müraciət edilən əsas güc mərkəzinə çevrildiyini diqqətə çatdırıb.

Xarici siyasət prioritetləri çərçivəsində Suriyanın yaşadığı böyük transformasiya və beynəlxalq birliyə inteqrasiyası 2025-ci ilin ən müsbət inkişaflarından biri kimi xarakterizə olunub. Hakan Fidan Qafqazda davamlı sülhün təmin edilməsi, türk dövlətləri və Balkan ölkələri ilə münasibətlərin gücləndirilməsi istiqamətində atılan addımların Türkiyənin xarici siyasət gündəmində mühüm yer tutduğunu ifadə edib. Eyni zamanda, Kipr, Egey və Aralıq dənizindəki proseslərin diqqət mərkəzində saxlanıldığı, Avropa İttifaqı ilə ortaq strateji perspektiv yaratmaq üçün səmimi səylərin ortaya qoyulduğu bildirilib.

Türkiyənin Afrika ölkələri ilə əlaqələrə xüsusi önəm verdiyini xatırladan nazir Rusiya–Ukrayna, Efiopiya–Somali və Pakistan–Əfqanıstan arasında aparılan uğurlu vasitəçilik missiyalarından bəhs edib. Müdafiə sənayesinə qarşı tətbiq olunan sanksiyaların əksəriyyətinin aradan qaldırılmasını mühüm nailiyyət kimi dəyərləndirən Fidan iqtisadi əlaqələr, enerji və logistik bağlantılar sahəsində digər dövlət qurumları ilə koordinasiyalı şəkildə hərtərəfli layihələrin hazırlandığını vurğulayıb.

2026-cı il üçün gözləntilərini bölüşən Hakan Fidan Avropa təhlükəsizlik arxitekturası ətrafındakı müzakirələrin uzun illər əsas mövzu olacağını və Türkiyənin bu il NATO, Türk Dövlətləri Təşkilatı və BMT-nin İqlim Dəyişmələri sammitlərinə ev sahibliyi edəcəyini qeyd edib. Yeni ildə xarici siyasət prioritetlərinin həssaslıqla izləniləcəyini deyən nazir müharibələrin sona çatdırılması istiqamətində ideal həll ilə reallıq arasındakı fərqi azaltmaq üçün bütün diplomatik imkanların səfərbər ediləcəyini bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: