Çinin Honkonq xüsusi inzibati ərazisinin polisi “Vanq Fuk Kort” yaşayış kompleksində baş verən yanğın nəticəsində 168 nəfərin öldüyünü açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, polis bütün meyit qalıqlarının müayinəsinin və məhkəmə-tibbi ekspertizasının başa çatdığını bildirib. Ölənlərin ən kiçiyi 6 aylıq, ən böyüyü isə 98 yaşlı olub. Ölənlər arasında sakinlərlə yanaşı, 2 dizayn işçisi, 5 fəhlə, 1 yanğınsöndürən də var. Bundan başqa, evlərdə xidmətçi və dayə kimi çalışan 9 indoneziyalı və bir filippinli də olub.
İlkin təhqiqatın nəticələrinə görə, kompleksdə təmir işlərində yanğın təhlükəsizliyi standartlarına cavab verməyən qoruyucu torlardan istifadə edilib. Ərazidəki yanğın siqnalizasiyaları da nasaz olub.
Qeyd edək ki, ötən il noyabrın 26-da dünyanın ən sıx məskunlaşma olan şəhərlərindən sayılan Honkonqun Taypo rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın baş verib. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir. Yanğınla əlaqədar 14 nəfər saxlanılıb. Taypo yaşayış kompleksindəki yanğın Honkonq tarixinə ən faciəli hadisə kimi düşüb. Bundan əvvəlki ən faciəli hadisə isə 1948-ci ildə 135 nəfərin ölümü ilə nəticələnən yanğın olub.
