Ermənistanda növbəti etiraz aksiyası keçirilir. Yerevanın mərkəzindəki hökumət binasının qarşısına toplaşanlar bu dəfə Paşinyanın mədəniyyət nazirinin “incəsənət islahatına” qarşı çıxıblar.
NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, yeni hökumətin mədəniyyət naziri vəzifəsini icra edən Nazəni Qəribyan Milli Opera və Balet Teatrının direktoru və bədii rəhbəri Konstantin Orbelyanı erməni dilində pis danışdığı üçün vəzifəsindən azad edib. Nazir əvəzi bu qərarını onunla əsaslandırıb ki, erməni dilini bilməyən məmur dövlətin teatrında vəzifə tuta bilməz.
Meydana toplaşan və baş nazir Nikol Paşinyanla görüş tələb edən etirazçılar bildiriblər ki, nazirin arqumenti incəsənətə aid edilə bilməz. “Musiqinin dili yoxdur” şüarını səsləndirən incəsənət xadimləri direktorun vəzifəsinə bərpa edilməsini və N.Qəribyanın istefaya göndərilməsini tələb edirlər. Onlar, həmçinin nazirliyi məhkəməyə verəcəklərini də bildiriblər.
Etirazçıların nümayəndələrini qəbul edən baş nazir məsələ ilə məşğul olacağını söyləyib.