Avropa Vaşinqtonu razı salmaq üçün Qrenlandiyanı ABŞ-a güzəştə gedə bilər.
NUHÇIXAN xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edən yüksəkvəzifəli məmura istinadla məlumat yayıb.
Məlumata görə, Avropada bir çoxları “II Dünya müharibəsindən sonrakı nizamın sona çatdığını” və ABŞ Prezidenti Donald Trampın yeni əraziləri ələ keçirməsinin qlobal siyasəti dəyişəcəyini qəbul edir. Agentliyin həmsöhbəti Avropa liderlərinin “Ağ Evi sakitləşdirmək üçün Qrenlandiyadan imtina etməyə razı ola biləcəklərindən narahatdır.
Həmçinin qeyd olunur ki, Avropa rəsmiləri ABŞ-ın dəstəyinin itirilməsinə və Vaşinqtonun dost yanaşmasından sürətlə düşmənçiliyə keçməsinə təəccübləniblər. Onlar “daim dəyişən təhdidlərə və məntiqə zidd tələblərə cavab verməyə çətinlik çəkdiklərini” etiraf ediblər.
Ukraynadakı münaqişə səbəbindən onsuz da parçalanmış vəziyyətdə olan Avropa İttifaqının hazırda iqtisadi çətinliklərlə üzləşdiyini vurğulayan agentlik Brüsselin ABŞ təhlükəsizlik zəmanətlərinə nə qədər etibar edəcəyini bilmədiyini yazıb.
Ekspertlərin sözlərinə görə, Avropanın ABŞ-la yeni və daha gərgin münasibətlərə doğru irəliləməsi ilə hadisələrin “nəzarətdən çıxma” riski arta bilər.
