Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen hakimiyyət orqanlarına və sakinlərə ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazır olmağı tapşırıb.
NUHÇIXAN xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Yens-Frederik Nilsen bunu Qrenlandiyanın paytaxtı Nuukda keçirilən mətbuat konfransında deyib.
Qrenlandiya hökuməti, həmçinin əhalini evlərində beşgünlük ərzaq ehtiyatı saxlamağı tövsiyə edib.
Çərşənbə axşamı Danimarka parlamentinin müdafiə komitəsinin üzvü Rasmus Yarlov “CNN” telekanalına müsahibəsində ABŞ-ın Qrenlandiyaya hücum edəcəyi təqdirdə, müharibənin başlayacağını və işğalçıya qarşı müqavimətin göstəriləcəyini bildirib. “ABŞ-ın bizdən güclü olduğunu bilirik, lakin bizim vəzifəmiz torpağımızı və xalqımızı müdafiə etməkdir”, - deyə deputat əlavə edib.
Xatırladaq ki, Danimarkanın Baş naziri Mette Frederiksen Donald Trampın Qrenlandiyaya nəzarəti ələ keçirmək niyyəti ilə bağlı bəyanatlarına baxmayaraq, krallığın adadan imtina etməyəcəyini vurğulayıb.
