Böyük Britaniyanın Daxili İşlər Nazirliyi sığınacaq axtaranların ilk qrupunun Şərqi Sasseksdə yerləşən keçmiş hərbi obyektə köçürüldüyünü təsdiqləyib.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, hazırda “Crowborough” təlim düşərgəsinə sığınacaq istəyən 27 nəfər kişi yerləşdirilib. Gələcəkdə bu obyektin tutumu genişləndirilərək 500-dən çox miqrantın qalacağı mərkəzə çevrilməsi planlaşdırılır. Hökumət bu addımın bahalı hotellərdən istifadəyə son qoymaq məqsədi daşıyan siyasətin tərkib hissəsi olduğunu bildirib. Daxili işlər naziri Şabana Mahmud qeyd edib ki, bütün sığınacaq hotelləri bağlanana və yerli icmalara qaytarılana qədər ardıcıl olaraq yeni obyektlər istifadəyə veriləcək.
Planlar ötən il açıqlansa da, yerli etirazlar səbəbindən proses bir müddət dayandırılmışdı. Buna baxmayaraq, hökumət iri obyektlərə köçürülməni qeyri-qanuni miqrasiya ilə mübarizə və Böyük Britaniyanı cəlbedici edən amillərin azaldılması istiqamətində aparılan islahatların vacib hissəsi kimi qiymətləndirir.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən əvvəlki hökumət dövründə 400-dən çox hotel gündəlik 9 milyon funt sterlinq xərc hesabına istifadəyə verilmişdi. Hazırda bu hotellərdən 200-dən azı fəaliyyətini davam etdirir və ümumi sığınacaq xərcləri 15 faiz azalıb.
