Rusiya, ABŞ və Ukrayna təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclasını yanvarın 23-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçirmək barədə razılığa gəliblər.
NUHÇIXAN xəbər verir ki, razılaşma Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və iş adamı Cared Kuşner arasında aparılan danışıqlardan sonra əldə edilib. Həmin danışıqlar yanvarın 23-ü gecəsi təxminən dörd saat davam edib. Görüşün əsas mövzusu Ukrayna münaqişəsinin həlli olub.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya danışıqlar qrupuna Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Baş idarəsinin rəisi İqor Kostyukovun rəhbərlik edəcəyini açıqlayıb. Nümayəndə heyəti yaxın saatlarda BƏƏ-yə yola düşəcək və onun tərkibinə Rusiya Müdafiə Nazirliyinin yüksəkvəzifəli nümayəndələri daxil olacaq.
Uşakovun sözlərinə görə, Vladimir Putin söhbətin bütün detallarını nəzərə alaraq, artıq Moskvanın nümayəndə heyətinə konkret tapşırıqlar verib. O, həmçinin qeyd edib ki, Amerika tərəfi Əbu-Dabidə keçiriləcək görüşə hazırlıq üzrə əhəmiyyətli işlər görüb. RF Prezidentinin köməkçisi ümid edir ki, bu danışıqlar uğurlu olacaq və münaqişənin sona çatması, onun sülh yolu ilə həlli ilə bağlı razılaşmaların əldə edilməsi üzrə bütün məsələlərdə irəliləyiş üçün perspektivlər açacaq.
Üçtərəfli görüşlə yanaşı, yanvarın 23-də RF Prezidentinin xüsusi elçisi Kirill Dmitriyev və Stiven Uitkoffun rəhbərlik etdiyi iqtisadi məsələlər üzrə ikitərəfli Rusiya-Amerika işçi qrupu çərçivəsində də təmaslar baş tutacaq.
