Avropanın maye qaz idxalı 2025-ci ildə tarixi maksimuma çatıb və 2026-cı ildə onun daha da artacağı gözlənilir.
NUHÇIXAN xəbər verir ki, barədə məlumat Beynəlxalq Enerji Agentliyinin qaz bazarı üzrə hesabatında deyilir.
Məlumata görə, 2025-ci ildə Avropaya maye qaz idxalı 30 faiz - 40 milyard kubmetr artaraq rekord səviyyəyə - 175 milyard kubmetrə çatıb. Artan daxili tələbat, eləcə də boru kəməri ilə idxalının azalması və aprel-oktyabr aylarında anbarlara vurulan qaz həcminin artması Avropada maye qaz qiymətinin Asiya bazarlarına nisbətən daha yüksək qalmasına səbəb olub. Bu da öz növbəsində Avropaya maye qaz tədarükünü stimullaşdırıb.
2025-ci ildə Avropanın qaz balansında maye qazın payı əvvəlki ildə qeydə alınan 30 faizdən 38 faizə yüksəlib.
Agentlik Avropanın maye qaz idxalının 2026-cı ildə də artacağını və 185 milyard kubmetr həddinə çatacağını gözləyir. Bu proqnoz qaz ehtiyatlarına yeni tələblərə və Avropadan Ukraynaya qaz ixracının artmasına əsaslanır.
Hesabatda, həmçinin qeyd olunur ki, 2026-cı ildə Norveçdən Avropaya boru kəməri ilə qaz tədarükü təxminən 2024-cü il səviyyəsinə qayıdacaq, Şimali Afrika və Azərbaycandan idxal həcmi isə bir qədər artacaq.
