Yanvarın 24-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli danışıqlar davam edir.
NUHÇIXAN xəbər verir ki, üç gün davam etməsi nəzərdə tutulan danışıqların ikinci günü də iştirakçıların razılığına əsasən, mətbuata qapalı, bağlı qapılar arxasında keçirilir. Danışıqlar neytral vasitəçi və ev sahibi kimi çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtındakı sarayda müxtəlif formatlarda keçirilir. Məsləhətləşmələrdən əvvəl nümayəndə heyətlərini BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qəbul edib.
Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş idarəsinin rəisi admiral İqor Kostyukov, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edirlər.
Danışıqlar təhlükəsizlik məsələlərinə, o cümlədən bufer zonalarının yaradılması, onlara nəzarət və monitorinq mexanizmləri, eləcə də nizamlanmanın ərazi aspektlərinə yönəlib.
