Hindistan hakimiyyəti Qərbi Benqal ştatında təhlükəli “Nipah” virusunun yayılmasının qarşısını almaq məqsədilə təcili tədbirlər görməyə başlayıb.
NUHÇIXAN xəbər verir ki, “The Independent” qəzetinin məlumatına görə, “Nipah” virusuna yoluxanların sayı beş nəfərə çatıb.
Bildirilir ki, “Nipah” virusu ilə əlaqədar olaraq Tailandın Phuket Beynəlxalq Hava Limanı Hindistandan gələn sərnişinlər üzərində sanitar-nəzarət tədbirlərini gücləndirib.
Nəşrin yazdığına görə, 100-dən çox şəxs karantinə alınıb, yoluxmuş xəstələr isə tibbi nəzarət altında müalicə alırlar.
Məlumata əsasən, yoluxan şəxslərdən biri daha əvvəl Hindistan–Banqladeş sərhədi yaxınlığında yerləşən şəhərə səfər edib. Hakimiyyət orqanları vəziyyəti qiymətləndirmək və mümkün epidemiya riskinin qarşısını almaq üçün bölgədə xüsusi cavab qrupu yaradıb.
Qeyd edək ki, “Nipah” virusu (NiV) əsasən meqabatlar tərəfindən yayılan patogendir. Virus heyvanlardan insanlara ötürülə bilər və ağır ensefalit, eləcə də tənəffüs yollarının infeksion xəstəliklərinə səbəb olur. Ayrı-ayrı hallarda ölüm göstəricisi 80 faizə qədər yüksələ bilər. “Nipah” virusu hər il Cənubi və Cənub-Şərqi Asiyanın müxtəlif bölgələrində qeydə alınır və ciddi insan tələfatına yol açır. Virus ilk dəfə 1998-ci ildə aşkarlanıb və bu vaxtdan indiyədək təxminən 1000 yoluxma halı qeydə alınıb.
